ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin beynəlxalq simpoziumda “Mədəniyyətin dərki və gələcək” mövzusunda məruzəsi dinlənilib
Bakı, 23 oktyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Moskvada Rusiya Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə keçirilən XII beynəlxalq fənlərarası elmi-praktik “Refleksiv proseslər və idarəetmə” simpoziumunda iştirak edib.
Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif ölkələrinin təmsil olunduğu simpoziumda İlham Məmmədzadənin “Mədəniyyətin dərki və gələcək” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində mədəniyyət sahəsində baş verən prosesləri yaxından izləməyin vacib olduğunu qeyd edib. Mədəniyyətin tarixi baxımdan da əhəmiyyət kəsb etdiyini deyən professor bunun mədəniyyət üçün vacib amillərdən biri olduğunu bildirib: “Bütün bunların içərisində, eyni zamanda, mədəniyyətə fəlsəfi baxış mütləqdir. Çünki mədəniyyət o qədər geniş anlayışdır ki, ona tarixi, fəlsəfi baxışla yanaşı, beynəlxalq aspektdə də diqqət yetirmək lazımdır”.
Moskva səfəri zamanı İlham Məmmədzadə Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun direktoru, akademik Andrey Smirnovla görüşüb. Görüş zamanı AMEA-nın və REA-nın fəlsəfə institutları arasında birgə elmi konfransların keçirilməsi barədə razılığa gəlinib. İlk olaraq gələn il Xəzər dənizinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulur.