ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin beynəlxalq tədbirdə molekulyar biotexnologiya haqqında məruzəsi maraqla qarşılanıb

Bakı, 18 iyun, AZƏRTAC

Latviyanın paytaxtı Riqada “Bitki əsaslı vaksinlər, antibiotiklər və biologiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda ölkəmizi AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim konfransda “Eukariot ifadə sistemində rekombinant proteinlərin Aberrant N-glikozilasiyası: Problemi necə həll etmək olar?” mövzusunda məruzə ilə çıxış edib.

T.Məmmədov məruzəsində vaksinlərin və terapevtik zülalların sintezi üçün ixtira etdiyi yeni molekulyar biotexnologiya, bu texnologiyanın geniş tətbiq sahələri və böyük iqtisadi imkanları barədə ətraflı məlumat verib. Alim qarayara və malyariya xəstəliklərinə qarşı yeni texnologiya ilə sintez edilmiş vaksinlərin artıq kommersiyalaşma mərhələsində olduğunu bildirib.

Məruzə dünyanın nüfuzlu alimləri və bitki ekspressiya sistemi əsasında rekombinant zülal sintezi ilə məşğul olan bir çox şirkətlərin (“Protalix”, “KBP Kentucky BioProsessing”, “Medicago”, “BioVaxx INC”, “Bioapp”, “Nomad Bioscience GmbH”, “Owensboro”, “Intrucept Biomedicine LLC”, “Icon Genetics GmbH”, “AeroFarms”, “Bayer AG” və s.) böyük marağına səbəb olub.

Qeyd edək ki, Türkiyənin Akdeniz Universitetinin fəxri professoru olan T.Məmmədov molekulyar biologiya sahəsində mühüm ixtiraları ilə tanınan alimlərdəndir. Onun əsas elmi-tədqiqat istiqamətləri molekulyar biotexnologiyanın ən mühüm sahələrindən olan bitki ekspressiya sistemindən istifadə etməklə, rekombinant zülalların ekspressiyası və istehsalı texnologiyasının yaradılmasıdır. Alim ilk dəfə bitki sistemi daxil olmaqla eukariotik sistemlərdə qlükansız zülal sintezini təmin edən ekspressiya sistemi texnologiyasını işləyib hazırlayıb. Bu texnologiya çox mühüm və çətin ekspressiya olunan mürəkkəb zülal antigenlərin, vaksinlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.