CƏMİYYƏT


Azərbaycanlı alimin elmi kitabı Gürcüstanda rus və gürcü dillərində işıq üzü görüb

Tbilisi, 4 iyun, AZƏRTAC

Gürcüstanın “Universal” nəşriyyatında gənc alim, Azərbaycan Respublikası Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) "Ginekologiya" şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Fatma Hacıyevanın "Vərdişi düşüklərdə infeksion markerlərin diaqnostik əhəmiyyəti" adlı beynəlxalq indeksli kitabı rus və gürcü dillərində işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, elmi kitabın titul səhifəsində “Əsərin 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunur” sözləri yazılıb.

Kitabın üz qabığında isə Xarıbülbülün təsviri verilib.

Monoqrafiyanı qələmə alarkən Fatma xanım şəxsi praktiki fəaliyyətini nəzəri biliklərlə birləşdirmək qərarına gəlmişdir. Gənc alimin elmi araşdırmaları və tədqiqatları nəticəsində dərc olunan kitab qadınlarda aktual problemlərdən olan - təkrarlanan hamiləlik itkilərinə, bu problemin həllində yeni diaqnostik meyarların aşkarlanmasına, müasir müayinə metodlarının yeni alqoritmlərinə həsr olunub.

Monoqrafiyanın baş məsləhətçisi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin baş direktoru, Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək" Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Cəmilə Qurbanovadır.

Elmi əsərin məsləhətçisi isə Azərbaycan Tibb Universitetinin “Ginekologiya” şöbəsinin müdiri, Mamalıq və Ginekologiya kafedrasının professoru Səadət Sultanovadır.

Qeyd edək ki, kitabın gürcü dilinə tərcümə olunmuş nüsxələri Gürcüstanın əlaqədar səhiyyə təşkilatlarına təqdim olunub.

Elmi əsər qonşu ölkənin mütəxəssisləri tərəfindən maraqla qarşılanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.