CƏMİYYƏT
Azərbaycanlı alimin fətva barədə fikirləri Misir mətbuatında geniş işıqlandırılıb
Qahirə, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 16-18-də Qahirədə Misir Fətva Evinin təşkilatçılığı ilə “Tətbiq və nəzəriyyə arasında fətvada yenilənmə” mövzusunda beynəlxalq konfrans keçirəcək.
AZƏRTAC xəbər verir ki, konfransla bağlı Misirdə fəaliyyət göstərən tanınmış şəxsiyyətlərdən müsahibələr götürülüb, ekspertlərin rəyləri öyrənilib.
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun mövzu ilə bağlı fikirləri və təklifləri ölkənin ən məşhur nəşrlərindən olan “əl-Əxbar əl-Youm” və “Dustur” qəzetlərində dərc edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı alimin müsahibəsi ölkənin 30-dan çox xəbər saytında da yayılıb.
Azərbaycan diasporunun rəhbəri S.Nəsirov müsahibəsində qeyd edib ki, radikalizmin əsas səbəblərindən biri savadsızlıqdır. O, bir ölkənin adət-ənənələrini tam bilmədən onların vətəndaşlarına başqa ölkədən fətva verilməsinin, əsrlərdən bəri verilmiş fətvaları kitabdan oxuyaraq, günümüzə uyğun gəlməyən məsələlərin insanlara fətva kimi təqdim edilməsinin doğru olmadığını bildirib. Fətvanın zamana, məkana və şəxslərə görə dəyişdiyini deyib.
Qeyd edək ki, “Tətbiq və nəzəriyyə arasında fətvada yenilənmə" mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 80 ölkəsindən 120-dən çox alim, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev iştirak edəcək. Konfransın təşkilindən məqsəd əsas mövzu - radikalizmlə mübarizə aparmağın yollarını müzakirə edərək vahid bir fikrin formalaşdırılmasıdır.
Asya Hacızadə
AZƏERTAC-ın xüsusi müxbiri
Qahirə