ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin kitabları Misirin Ayn-Şəms Universitetinə hədiyyə edilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Misirin Ayn-Şəms Universitetinin ətraf mühitinin araşdırılması mərkəzinə torpaqların meliorasiyası sahəsində tanınmış alim, professor Muxtar Abduyevin kitablarını hədiyyə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ingilis dilində “Azərbaycan düzənliklərinin delüvial torpaqları”, “Şirvan düzü torpaqlarının şoranlaşması və qarşısının alınması tədbirləri”, “Mil düzü torpaqlarının yaxşılaşdırılması”, “Azərbaycanın şorakət torpaqları və onların yaxşılaşdırılması”, “Delüvial torpaqlar və onların meliorasiyası”, “Texnogen çirklənmiş torpaqların bioloji xarakteristikası” kitabları misirli alimlərdə böyük maraq doğurub.
Ayn-Şəms Universitetinin ətraf mühitinin araşdırılması mərkəzinin dekanı, professor Heşam El-Kassas Ə.Quliyevə təşəkkür məktubu göndərib. Məktubda elmi səviyyəsi yüksək olan kitabların misirli tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.