ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin malyariya vaksininin hazırlanması ilə bağlı tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədovun malyariya vaksininin hazırlanması ilə bağlı apardığı tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə Böyük Britaniyanın "Nature" jurnalları ailəsindən olan nüfuzlu "Scientific Reports" jurnalında dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalədə malyariya xəstəliyindən hər il milyonlarla insanın vəfat etdiyi və bu sahədə uzun illər tədqiqatlar aparılsa da, xəstəlik əleyhinə etibarlı vaksinin hələ də mövcud olmadığı qeyd olunur.

Vurğulanır ki, "Plasmodium falciparum" parazitinin mürəkkəb quruluşa malik olan Pfs48/45 zülalı malyariya vaksini üçün əsas namizəddir. Belə ki, uzun illər ABŞ və digər ölkələrdə müxtəlif şirkətlər, eləcə də universitetlər tərəfindən Pfs48/45 zülalını aktiv halda sintez etmək cəhdləri müvəffəqiyyətsiz olub.

Məqalədə Tərlan Məmmədovun yeni yaradılmış "Endo H" bakterial enzimi ilə şəkərsiz zülal texnologiyasından istifadə etməklə ilk dəfə yaşıl bitki yarpaqlarında malyariya xəstəliyinə qarşı etibarlı vaksinin yaradılması haqqında məlumat verilir.

Məqalənin abstraktında qeyd olunur ki, "Endo H" in vivo enzimatik deqlikozilə edilmiş Pfs48/45 zülalı milyonlarla insanın həyatını xilas etmək potensialına malik olan malyariya vaksininin yaradılması üçün perspektivli namizəddir. Bildirilir ki, yaşıl bitki yarpaqlarından uğurla sintez edilmiş malyariya vaksininin effektivlik testi ABŞ-da Səhiyyə Milli İnstitutunda sınaqdan keçirilib. Belə ki, sınaqlar zamanı yaşıl bitki yarpaqlarında 100 faiz ötürülməni bloklama aktivliyi müşahidə olunub. Pfs48/45 zülalının sınaqlardan sonra kommersiyalaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.