ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi İtaliyanın impakt faktorlu jurnalında dərc edilib
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun maliyyə pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun elmi məqaləsi İtaliyanın “European Journal of Sustanable Development” impakt faktorlu jurnalında çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının davamlı inkişafı üzrə enerji göstəricilərinin iqtisadi aspektləri” sərlövhəli məqalədə BMT-nin metodologiyası əsasında ölkəmizin davamlı inkişafı üçün ən vacib enerji göstəricilərinin iqtisadi aspektləri ətraflı araşdırılıb.
Müəllif qeyd edir ki, 1987-ci ildə "Bizim ümumi gələcəyimiz" adlı Brundtland hesabatının yayılmasından etibarən müxtəlif beynəlxalq və milli təşkilatlar davamlı inkişafın ölçülməsi və qiymətləndirilməsi üçün göstəricilər dəstini işləyib hazırlayırlar. Məqalədə bildirilir ki, davamlı inkişaf üçün milli strategiya hazırlanarkən ölkənin davamlı inkişafının enerji göstəriciləri də nəzərə alınmalıdır.