ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda dərc olunub
Bakı, 19 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Mobil hesablama buludları: mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı məqaləsi Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin “Telekommunikasiyalar” (“Telekommunikatsii”) jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mobil qurğuların resurslarında (enerji sərfiyatı, emaletmə gücü və yaddaş və s.) mövcud məhdudiyyətləri aradan qaldırmaq məqsədilə yaradılan mobil hesablama buludlarında meydana çıxan problemlər və onların həlli yolları analiz edilib.
Məqalədə Cloudlet əsaslı iyerarxik strukturlu mobil hesablama buludları və texnologiyaları araşdırılıb. Cloudlet əsaslı mobil şəbəkələrdə mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı enerji sərfiyatının və gecikmələrin eksperimental yolla azalması göstərilib.