ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun xarici həmkarları ilə birlikdə ingilis dilində “Ultrayüksək temperatura davamlı sıxılmış ZrB2-SiC və ZrB2-SiC-CNT keramik materiallarının alınması üçün reaktiv qaynar preslənmə üsulu” adlı növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “European Ceramic Society” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal “Elsevier” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 4.495-dir.
Məqalədə isti preslənmə üsulu ilə yüksək təzyiqdə çoxsaylı karbon nanoboruları saxlayan yeni ZrB2-SiC keramik kompozitinin yüksək davamlılıq xüsusiyyətləri araşdırılıb. Müəyyən edilib ki, yeni alınmış keramik kompozit materialı nüvə reaktorlarının daxili örtüyünün hazırlanmasında istifadə oluna bilər.