ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin monoqrafiyası Almaniyada ingilis dilində çapdan çıxıb
Bakı, 6 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərovun “Vətəndaş cəmiyyətində birləşmək hüququ: keçmiş sovet ölkələri təcrübəsində” monoqrafiyası Almaniyada ingilis dilində çap olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada vətəndaş cəmiyyəti kontekstində birləşmək hüququ problemi nəzərdən keçirilir, vətəndaş cəmiyyətinin başlıca təminatçısı rolunda çıxış edən hüquqi dövlət problemi ətrafında təhlillər aparılır.
Əsərdə qeyd olunur ki, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin yaradılması bütün ictimai münasibətlər sistemində köklü dəyişikliklərə, cəmiyyətin formalaşmasında ümumbəşəri dəyərlərə əsaslanmalıdır. Eyni zamanda, diqqətə çatdırılır ki, hazırda keçmiş sovet ölkələrində bütün sosial proseslərin qiymətləndirilməsində dar çərçivəli meyarlar öz yerini cəmiyyət həyatının və dövlətin mahiyyətinin dərk olunmasında ümumbəşəri dəyərlərə – demokratiyaya, humanizmə, insan hüququna, vətəndaşlıq, vətənpərvərlik və sosial ədalətə verir.
Monoqrafiyada izah olunur ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu demokratik inkişafın başlıca xətti kimi müəyyənləşdirilib. Vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas əlaməti kimi qəbul edilir və onun inkişafının bütün zəruri şərtləri təmin olunmaqdadır. Bu baxımdan birləşmək hüququnun normativ-hüquqi əsaslarının genişləndirilməsi və təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Nəşrdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu kontekstində birləşmək hüququnun təmin olunması problemi ətrafında təhlillər aparılıb.
Monoqrafiya Avropa ictimaiyyəti üçün Azərbaycanda vətəndaş cəmiyyətini öyrənmək baxımından sanballı bir mənbədir.