ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin monoqrafiyası Almaniyada nəşr olunub
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının ikicildlik "Azərbaycan türk mifologiyası" kitabının 360 səhifəlik birinci cildi rus dilində (“Azerbaydjanskaya tyurkskaya mifologiya 1: osnovnıye istoçniki, pervonaçalnıye etapı mifoloqiçeskix soznaniy, sistema pervobıtnıx vozzreniy, reliqiya i mif”) Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çapdan çıxıb və dünyanın dörd qitəsində, 100-ə yaxın ölkədə satış mərkəzləri olan “Amazon” kitab ticarəti şəbəkəsində yayımlanmağa başlayıb.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan türklərinin mifologiyasının tədqiqat tarixi, nəzəri-kateqoriya aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir. Eləcə də Azərbaycan türklərinin sakral düşüncə atributları, ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri araşdırılıb.