ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Almaniyada beynəlxalq konqresdə iştirak ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Almaniyanın Visbaden şəhərində tibbi turizmlə məşğul olan "Quality in Health Prevention" təşkilatının dəstəyi ilə "Sağlamlığın müdafiəsi üzrə Avropa günü" konqresi keçirilib.
Fransa, Belçika, Slovakiya, Çexiya, Çin, Rusiya, Qazaxıstan və s. ölkələrdən alimlərin qatıldığı tədbirdə Azərbaycanı AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulduz Həşimova tibbi bərpa və kurortologiyada geniş istifadə olunan “Ağ Naftalan yağı”nın müalicəvi təsirləri üzrə eksperimental tədqiqatların nəticələrini təqdim edib. Bundan əlavə, qurultayda Azərbaycan nümayəndə heyəti tərəfindən “Ağ Naftalan yağı”ndan hazırlanmış kosmetik məhsullardan ibarət xüsusi stend təşkil olunub.
Almaniyanın Mainz Universiteti, Slovakiyanın Tibb Universiteti və Gürcüstanın Beretaşvili adına Eksperimental Biotibb Mərkəzi AMEA-nın Yüksək Texnologiyalar Parkının yeni innovativ məhsulu olan “Ağ Naftalan yağı”nın terapevtik təsir mexanizmlərini öyrənməyə və gələcəkdə "Horizon 2020" proqramı üzrə birgə layihə həyata keçirməyə hazır olduqlarını bildiriblər.