ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Vyanada beynəlxalq konfransda çıxış ediblər
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, akademik Pərviz Məmmədov və GGİ-nin gənc doktorantı İqor Pirverdiyev Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” mövzusunda XXII beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirə 20-dək ölkədən, o cümlədən Türkiyə, ABŞ, Kanada, Almaniya və Rusiyadan 50-dən çox alim və mütəxəssis məruzə ilə qatılıb.
GGİ-nin təmsilçiləri konfransda “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” mövzularında məruzələrlə çıxış ediblər.