ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər beynəlxalq təşkilata üzv seçilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) professoru, filologiya elmləri doktoru Nadir Məmmədli və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Yaponiyanın Okinava şəhərində təşkil edilən “Dil, linqvistika, ədəbiyyat və təhsil” (İnternational Symposium on Language, Linguistics, Literature, end Education) adlı elmi simpoziumda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dünyanın nüfuzlu Ən Yüksək Təhsil Forumunun (Higler Educational Forum) təşkilatçılığı ilə reallaşan simpoziuma Azərbaycanla yanaşı, ABŞ, Tailand, Malayziya, Böyük Britaniya, Almaniya və Yaponiyanın nüfuzlu universitetlərindən olan alimlər də qatılıb.
Beynəlxalq tədbirdə, həm də moderator kimi çıxış edən Nadir Məmmədli “Avropa dillərindən alınmış ərəb mənşəli terminlər” mövzusunda məruzə ilə çıxış edib.
Alim, həmçinin ərəb mənşəli terminlərin Avropa dillərində suffiksasiyasına, konversiyasına və ixtisarlarla verilməsi ilə bağlı fikirlərini də bildirib. Belə ki, məruzəçi alim Avropa dilləri qanunları əsasında şəkil və formasını dəyişmiş ərəb sözlərinin yeni semantik və struktur dəyişiklərini təyin etməyə müvəffəq olub.
Daha sonra simpoziumda dosent N.Məmmədlinin “Şeyx Fəridəddin Əttar və Seyid Yəhya Bakuvi yaradıcılığında yeddi vadi” adlı məruzəsi dinlənilib.
Hər iki məruzə böyük maraqla qarşılanıb.
Tədbirdə azərbaycanlı alimlər Ən Yüksək Təhsil Forumunun üzvü seçilib və onlara sertifikatlar təqdim olunub.