ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 4 avqust, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Xəzər Universitetinin birgə tədqiqat işinin nəticəsini əks etdirən məqalə “Web of Science” və “Scopus” kimi nüfuzlu bazalarda indeksləşən “Caspian Journal of Environmental Sciences (CJES)” nəşrində işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Məqalə Dendrologiya İnstitutunun doktorantı Güllü Əliyevanın “Azərbaycan florasında palıdın (Quercus L.) bəzi növlərinin morfoloji və genetik polimorfizminin tədqiqi” adlı fəlsəfə doktorluğu dissertasiya işinin nəticələrinin bir hissəsini əks etdirir.
Qeyd edək ki, tədqiqat zamanı palıd üzərində Azərbaycanda ilk dəfə 10 RAPD praymerdən istifadə etməklə molekulyar səviyyədə analizlər aparılıb, molekulyar müxtəliflik, genotiplər arasında filogenetik əlaqə, genotiplər arasında genetik oxşarlıq və s. tədqiq edilib, alınmış nəticələr müasir statistik metodlar vasitəsilə təhlil edilərək PIC, EMR və MI kimi mühüm statistik parametrlər qiymətləndirilib. Bu tədqiqatda əldə edilən yüksək EMR və MI qiymətləri, istifadə olunan RAPD markerlərinin genetik dəyişikliyin qiymətləndirilməsi və palıd populyasiyaları arasında filogenetik analizi üçün faydalı olduğunu göstərir. Nümunələrdə polimorfizmin yüksək olması genetik müxtəlifliyin yüksək olmasının göstəricisidir. Bu isə onu deməyə əsas verir ki, yerli yeni növün əmələ gəlməsi və adaptivlik potensialı yüksəkdir.