ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsini amerikalı həmkarları yüksək qiymətləndiriblər
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanın tanınmış cərrah-uroloqu, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Sudeif İmamverdiyev və həmin kafedranın tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Talıb Talıbovun həmmüəlifi olduqları “İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicə üsulunun seçilməsi” sərlövhəli məqalə ABŞ-ın klinik və eksperimental tibb üzrə jurnalında (“American Journal of Clinical and Experimental Medicine)” dərc olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ABŞ alimləri məqaləni yüksək qiymətləndirərək müəllifləri bu dərgi ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərməyə dəvət ediblər.
Qeyd edək ki, elmi-tədqiqat və icmal məqalələrin dərc olunduğu həmin jurnal “Thomson Reuters” elmi bazasına daxildir. Həmçinin "CrossReff", "Worldcat", “Journal Seek", “Academic Keys” kimi bazalarda indeksləşir.