ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məruzələri Yunanıstanda nəşr olunan məqalələr toplusuna daxil edilib
Bakı, 30 yanvar, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Yunanıstanın Aristotel Universitetinin Fəlsəfə fakültəsinin tarix və arxeologiya kafedrasının professoru Yakovos Mixailidisin iştirakı ilə bu ölkədə nəşr edilmiş “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli - XX əsrin əvvəli)” məqalələr toplusunun təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov əvvəlcə yunanıstanlı alimin fəaliyyəti və məqalə toplusu barədə məlumat verib. Qeyd edib ki, 2018-ci ilin aprelində Beynəlxalq Ellin Universitetində Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin “Təsisatların yaranması və xarici təsir altında tədqiqatlar (Avropa və Qara dəniz regionu XIX əsrin əvvəli - XX əsrin əvvəli)” ikinci beynəlxalq konfransı keçirilib. Təqdimatı keçirilən topluda həmin konfransın materialları yer alıb. Topluya konfransda iştirak etmiş azərbaycanlı alimlərin də elmi materialları daxil edilib.
Yakovos Mixailidis Beynəlxalq Ellin Universitetində keçirilmiş beynəlxalq konfransda azərbaycanlı alimlərin elmi məruzələrinin böyük maraqla qarsalandığını söyləyib. Məruzələrin müxtəlif ölkələrdən olan konfrans iştirakçılarında Azərbaycanda humanitar və ictimai elmlərin yüksək səviyyəsi barədə böyük təəssürat yaratdığını qeyd edib. Bildirib ki, konfrans materiallarının nəşri prosesində də azərbaycanlı alimlərin məruzələrini əks etdirən elmi məqalələr rəyçilər tərəfindən yüksək qiymətləndirilib.
Yunanıstanlı alim Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı çərçivəsində reallaşdırılan layihələrin Azərbaycan və Avropa İttifaqı ölkələri arasında elmi mübadilə və əməkdaşlıq üçün böyük zəmin yaratdığını bildirib.
Sonra tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə topluya daxil edilən elmi məqaləsi barədə məlumat verib. Y.Mixailidis iştirakçıların suallarını cavablandırıb.
Xatırladaq ki, konfransda Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun moderatorluğu ilə “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” mövzusunda xüsusi panel təşkil olunub. Paneldə AMEA-nın Tarix İnstitutunun əməkdaşları - tarix üzrə elmlər doktoru İradə Bağırova, tarix üzrə fəlsəfə doktorları Nərgiz Axundova və Şamil Rəhmanzadə elmi məruzələrlə çıxış ediblər.