ELM VƏ TƏHSİL
Azərbaycanlı botanik alimlər özbək həmkarları ilə əməkdaşlıq edəcəklər




Bakı, 31 may, AZƏRTAC
Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutunun Molekulyar filogeniya və biocoğrafiya laboratoriyasının və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Ziyoviddin Yusupov və kiçik elmi işçi Elyor Ortikov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, məqsəd iki elmi müəssisə arasında əməkdaşlıq memorandumunun imzalanması, həmçinin Orta Asiya, Qafqaz və Çin florasında yayılmış bitkilərin filogenetik və molekulyar-sistematik tədqiqi olub.
Görüşdə Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva rəhbərlik etdiyi elm müəssisəsinin tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında özbək alimlərə məlumat verib. Qonaqlar institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
Özbəkistanlı alimlər institutun şöbə və laboratoriyaları ilə tanış olublar. Onlar Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstəriblər.
Sonra Azərbaycan və Özbəkistanın Botanika institutları arasında elmi-tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Memoranduma əsasən, nadir və endem bitkilərin molekulyar-sistematik tədqiqi, meşə mikologiyası və filogeniya sahəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.
İnstitutda təşkil olunan elmi seminarda Z.Yusupovun təqdimatında özbəkistanlı alimlərin apardıqları tədqiqat işlərinin nəticələrinə dair məruzəsi dinlənilib. Mövzu ətrafında geniş müzakirələr aparılıb.