CƏMİYYƏT
Azərbaycanlı cərrah Türkiyədə gənc mütəxəssislərə təlim keçib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov Türkiyədə təşkil olunan kurslarda təlimçi qismində iştirak edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, T.Ömərov Türkiyə Bariatrik Cərrahi Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Bariatrik-metabolik cərrahiyyədə revizional texnikalar” mövzusunda kursun iştirakçısı olub. O, təlimin ilk günü Cərrahpaşa Tibb Fakültəsində, növbəti gün isə Medtronik İnnovasiya Mərkəzinin heyvan laboratoriyasında təşkil olunmuş kursda iştirak edib.
Qürurverici haldır ki, ATU-nun əməkdaşı kursda Türkiyənin təcrübəli professorları ilə yanaşı işləyib. T.Ömərov kursun ikinci günündə gənc cərrahlara praktik laparoskopik-bariatrik-metabolik cərrahi vərdişlərin həyata keçirilməsi ilə bağlı incəlikləri başa salıb.
Cərrah konqresin işini yüksək qiymətləndirərək deyib: “Konqresin işi çox effektiv planlanmışdı. Biz milli dərnək olaraq İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində təşkil olunan bu konfransda dünya şöhrətli professorların işləri, həmçinin bariatrik-metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda, öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Digər tərəfdən gənc cərrahlara heyvan laboratoriyasında təşkil olunmuş canlı əməliyyat kurslarında təlim keçdik. Ölkəmizdə bu sahə son 6 ildə yaranıb. Bu iş bizim cərrahlar tərəfindən uğurla inkişaf etdirilir”.
Həmin tədbirdə azərbaycanlı cərrahın təlimçi və kurs rəhbəri kimi təmsil olunması Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun olmasını, ölkəmizdə beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən uğurlu cərrahiyyə əməliyyatların aparılmasının göstəricisidir.
Tariyel Ömərov təmsil etdiyi qurumla birgə gələcəkdə də Azərbaycanı bütün dünyada layiqincə təmsil edəcəklərini, beynəlxalq tədbirlərdə bariatrik-metabolik cərrahiyyə sahəsində ölkəmizdə aparılan işlərin təbliğ olunacağını qeyd edib. O, gələcəkdə Azərbaycanda da belə yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkil olunacağından əminliyini bildirib.