SİYASƏT
Azərbaycanlı deputat AŞPA-da IX Qlobal Bakı Forumunun beynəlxalq sülhə və təhlükəsizliyə töhfələrindən danışıb
Strasburq, 24 iyun, AZƏRTAC
Azərbaycan silahlı münaqişənin bütün mənfi tərəflərini yaşamış ölkələrdən biridir. Son 30 ildə minlərlə azərbaycanlı qadın Birinci və İkinci Qarabağ müharibələrindən əziyyət çəkmiş, qaçqın düşüb. Lakin 44 gün davam edən müharibə sonunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində regionumuzda yeni dövrün təməli qoyulub. Bu gün Azərbaycanın Cənubi Qafqazla bağlı mövqeyi bütün universal dəyərlər və beynəlxalq prinsiplərlə üst-üstə düşən inteqrasiya və əməkdaşlığın qurulmasıdır. Azərbaycan regional sabitlik naminə sülhü dəstəkləyir. Azərbaycanlı qadınlar sülhün bərpası və yenidənqurma proseslərində fəal iştirak etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva qurumun yay sessiyasında “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” adlı məruzənin müzakirələrində deyib.
“Bu gün biz fəal şəkildə davam edən bir sıra silahlı münaqişələrin olduğu və müharibə dövründə və müharibədən sonra qadınlara qarşı törədilən gender əsaslı zorakılıq, cinsi zorakılıq və digər insan hüquqları pozuntularının qaçılmaz hesab edildiyi bir dünyada yaşayırıq”,- deyərək K. Nurullayeva bu qlobal əhəmiyyətli məsələ ilə bağlı təkliflərini səsləndirib. Bildirib ki, post-münaqişə dövründəki ölkələrdə qadın təşkilatlarının yaradılması və inkişafı bu cəmiyyətlərdə qadınların üzləşdiyi problemlərin azaldılmasına yardımçı ola biləcəyinə qəti şəkildə inanır. Həmçinin, qadın liderlərin sülh proseslərini müzakirə etmək, münaqişə ilə bağlı cinsi zorakılıq mövzusunda təcrübələri bölüşmək və qeyd olunan problemləri həll etmək məqsədilə xüsusi vasitələr və ya mexanizmlər irəli sürmək üçün görüşə biləcəyi səmərəli beynəlxalq platformalar yaradılmalıdır. Nəhayət, beynəlxalq təşkilatlar hüquqi və texniki təlimat vermək və münaqişələrin əsas səbəblərini öyrənmək məqsədilə müharibə qurbanları ilə xüsusilə də qadınlarla müzakirələr və sərhədlərarası qarşılıqlı əlaqələr təşkil etməlidirlər.
Azərbaycanlı deputat bu kontekstdə dünyanın 50 ölkəsinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı IX Qlobal Bakı Forumunun əhəmiyyətindən söz açıb.
Vurğulayıb ki, cari ildə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunmuş Forumda sülh perspektivləri bir daha nəzərdən keçirilib. Qlobal miqyasda sülh və təhlükəsizlik müzakirə obyekti olduğu üçün qadınların təhlükəsizliyi məsələsi də bilavasitə bu debatların tərkib hissəsi olub.
Sonda K. Nurullayeva diqqətə çatdırıb ki, münaqişədən sonrakı cəmiyyətlərdə qadınların və qızların ədalət və təhlükəsizliyinin təmin edilməsi yalnız və yalnız parlamentarilərin belə problemləri həll etmək üçün həqiqətən də istəyi olacağı təqdirdə mümkün olacaqdır. Sülh dünyanı birləşdirir!”,-deyərək avropalı parlamentariləri sülhü dəstəkləməyə çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris