SİYASƏT
Azərbaycanlı deputat AŞPA-da Nazirlər Komitəsinin sədrinə mədəniyyətlərarası dialoqla bağlı sual ünvanlayıb VİDEO
Strasburq, 10 oktyabr, AZƏRTAC
AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Buriç Assambleyanın payız sessiyasında çıxış edib və deputatların suallarını cavablandırıb.
AŞPA-nın Azad Demokratlar Qrupu adından sualı deputat, Qrupun vitse-prezidenti Qənirə Paşayeva verib. Onun sualı bu gün Avropada artan islamofobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı olub. Deputat sədrdən Nazirlər Komitəsinin bu məsələlərlə bağlı gördüyü və görəcəyi işlərə dair fikirlər bildirməsini istəyib: “Avropa Şurasına üzv ölkələrin ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? Yeni dəyərlərə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?”.
Sualın cavabında Mariya Buriç bildirib ki, o, çıxışında da bu məsələyə geniş yer ayırdı, çünki bu, bütün Avropa üçün çox önəmli bir mövzudur. “Ona görə, bir daha vurğulamaq istəyirəm ki, xüsusilə üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir, üzv ölkələrdə bu mövzu daim diqqətdə saxlanılmalıdır”.
Çıxışdan sonra Q.Paşayevanın M.Buriçlə qısa görüşü olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə edib.
Milli Məclisin deputatı, öz növbəsində, bildirib ki, Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Parlamentlərarası əməkdaşlığın genişləndiyini vurğulayan deputat Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi də qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq