SİYASƏT


Azərbaycanlı deputat AŞPA-da ölkəmizə qarşı ikili standartlara son qoyulmasına çağırıb

Strasburq, 25 iyun, AZƏRTAC 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu gün qurumun yay sessiyasının ilk günündə ötən sessiyadan sonrakı dövrdə görülmüş işlərə dair məruzələrin müzakirəsində çıxış edib. O, təşkilatı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb.

Deputat deyib ki, Azərbaycanda prezident seçkilərini bir çox beynəlxalq təşkilatların, ölkələrin təmsilçiləri müşahidə ediblər. 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi seçki prosesini izləyib. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞPA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirib. Yüzlərlə beynəlxalq müşahidəçi seçkilərin azad, ədalətli, demokratik, şəffaf keçirildiyini deyib, amma AŞPA onların səsini eşitmək istəmədi və istəmir. Sual olunur, nə üçün? AŞPA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir. Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edərək öz istədiyi namizədə azad şəkildə səs verib. Namizədlər üçün təbliğat-təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılıb.

Seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusunda və seçkilər günü keçirilən “exit-pollar”da da Prezident İlham Əliyevin qələbəsi öz əksini tapıb. Dünya dövlətlərinin rəhbərləri, Avropa Şurasının baş katibi Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. AŞPA üzvləri məsələyə daha obyektiv yanaşmalıdır.

“Yüz il əvvəl bütün müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyəti quran Azərbaycan qadınlara seçmək və seçilmək hüquqi verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini yenidən bərpa edən ölkəmizdə demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də assambleya ikili standartlara son qoyub Azərbaycana daha da çox dəstək olmalıdır. Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında körpü olan Azərbaycan qurum üçün çox önəmlidır”, - deyə Q.Paşayeva diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.