SİYASƏT


Azərbaycanlı deputat AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb VİDEO

Strasburq, 28 iyun, AZƏRTAC 

Suriyadan gələn ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsi ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına ziddir və buna son qoyulmalıdır. Ermənistan dövləti suriyalı erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda Avropa Şurasının Baş katibi, AŞPA-nın prezidenti münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların dayandırılmasına dair dəfələrlə çağırışlar ediblər. Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan gələn ermənilərin münaqişə bölgələrinə köçürülməsinə son qoymağa çağırırıq. AŞPA belə addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib: “Sənəddə də vurğulandığı kimi, Suriyada bir neçə ildir davam edən müharibə II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb. Mən bu böhranı şəxsən görmüş insanlardan biriyəm. Çünki Suriyadan qaçqın düşmüş 3 milyondan çox insana neçə ildir yardım edən Türkiyənin Suriya ilə sərhədlərində qaçqınlarla bir neçə dəfə görüşmüşəm. Eləcə də İordaniyada onlarla görüşmüşəm. Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır və o insanlar sizdən daha çox dəstək gözləyirlər. Getdikcə daha da böyüyüb Yaxın Şərq və Avropa üçün də ciddi problemlər yaradan Suriya probleminin siyasi həlli çox vacibdir və bununla bağlı təşkilatımız da ciddi dəstək nümayiş etdirməlidir”.

Deputat qeyd edib ki, insanları köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilatlarının və ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda, faciələr daha da böyüyəcək. “Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və problemlərinin həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq. Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan çox insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimizi daha da artırmalıyıq. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq”, - deyə Q.Paşayeva qeyd edib.

Nümayəndə heyətinin üzvü bildirib ki, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan dövləti onları Ermənistanın bölgələrində deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağırırıq”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.