SİYASƏT


Azərbaycanlı deputat Avropa Şurası Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib

Strasburq, 21 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Nazirlər Komitəsinin ənənəvi hesabatı dinlənilib və avropalı parlamentariləri maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Simon Coveney Nazirlər Komitəsinin hesabatını təqdim edib və deputatların suallarını cavablandırıb.

AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə qarşıdan gələn 6 ay ərzində Nazirlər Komitəsinə sədrliyi çərçivəsində İrlandiyanın prioritetləri arasında əsas yer tutan gənclik və təhsil məsələləri ilə bağlı sualla müraciət edib.

İrlandiya sədrliyi dövrünün prioritetləri arasında Avropanın gələcəyi olan uşaqlara, gəncliyə, qlobal təhsilə xüsusi diqqətin yer almasının təqdirəlayiq olduğunu deyən azərbaycanlı deputat bildirib ki, üzv ölkələrdəki gənc jurnalistlər nəsli bu istiqamətdə körpü ola bilər, amma onların özlərinin demokratik proseslərdə layiqli gücə çevrilməsi üçün durmadan peşəkarlıqlarını artırmağa ehtiyac var. Qeyd edib ki, Avropa Şurasına üzv ölkələrdəki gənc jurnalistlər nəslinin mütəmadi olaraq təlim ala biləcəyi, treninqlər keçəcəyi, ən müasir peşə səriştələrinə yiyələnmək imkanı yaradacaq daimi və sistemli fəaliyyət göstərən platforma yeni Avropa quruculuğuna müstəsna faydalar verə bilər.

Bu günədək fraqmentar şəklində, ayrı-ayrı layihələrin elementi kimi mövcud olmuş bu işin sabit və sistemli prosesə çevrilməsi üçün Nazirlər Komitəsinə sədrliyi dövründə İrlandiyanın bu istiqamətdə hansı həlledici tədbirlər görə bilməsini soruşub.

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Simon Coveney azərbaycanlı deputatın sualına cavab verərək deyib: “Həqiqətən demokratik proseslərdə gəncliyin iştirakı, xüsusilə də fəal iştirakı bizim üçün çox önəmlidir. İrlandiyada buna çox diqqət yetiririk və ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu istiqamətdəki müsbət nəticəli təcrübələrimizi bir az da geniş miqyasda tətbiq etmək imkanından yararlanacağıq. Bütün bu məsələlər bilavasitə təhsillə əlaqədardır. Bu ilin noyabrında Qlobal Təhsil üzrə Avropa Konfransı keçiriləcək və İrlandiya həmin konfransa sədrlik edəcək. Əlbəttə, İrlandiyada, eləcə də həmin ay Strasburqda keçiriləcək Ümumdünya Demokratiya Forumunda da biz bu mövzunun bütün həssas məqamlarının diqqətdə saxlayacağıq. Gənc jurnalistlər nəslinin ən müasir tələblər səviyyəsində yetişməsi mövzusunu bu kontekstdə həm demokratiya, həm təhsil məsələsi kimi nəzərdən keçiririk. Ona görə də bu işin daha sistemli qurulması üçün Nazirlər Komitəsinə sədr qismində müvafiq layihələri dəstəkləyəcək və yardımımızı əsirgəməyəcəyik”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.