SİYASƏT


Azərbaycanlı deputat: Erməni xalqı onu uçuruma sürükləyən separatizmə “Yox!” deyir

Strasburq, 28 sentyabr, AZƏRTAC

Ermənistanda parlament seçkiləri keçirilib və bu seçkiləri ölkədə indiyədək keçirilmiş ənənəvi parlament seçkiləri kimi səciyyələndirmək olmaz. Çünki bu seçkilər tamamilə fərqli tarixi şəraitdə, Ermənistanın müharibədə məğlub olaraq, böyük itkilər verərək Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasından sonra keçirilib. Bu seçki Ermənistan cəmiyyəti üçün vacib bir sınaq, tarixi əhəmiyyətli sınaq anı idi. Son illərdə Ermənistanda çox seçkilər olub və onların hər birini diqqətlə izləmişik. Həmin seçkilərə Avropa Şurasında obyektiv qiymət verilməyib və həmin qiymətlərin nə qədər yanlış, bəzən saxta olduğunu az sonra zaman da isbatlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın payız sessiyası çərçivəsində qurumun Büro və Daimi Komitəsinin hesabatının müzakirəsi zamanı səsləndirib.

O qeyd edib ki, Ermənistan cəmiyyəti, eləcə də ölkənin yeni rəhbərliyi tərəfindən mənfi qiymətləndirilmiş əvvəlki prezident və parlament seçkiləri burada tamamilə əks formada tərif edilib, demokratiyaya doğru addım kimi dəyərləndirilib. Müharibə cinayətkarları, Azərbaycan xalqına qarşı törədilmiş və dünyanın tanıdığı Xocalı soyqırımının birbaşa iştirakçıları Köçəryan və Sarkisyan da burada az mədh edilməyib.

Onlar və onların tərəfdarı olan revanşist qüvvələr Ermənistandakı bu son parlament seçkilərinə də qatılmışdılar. Populist çıxışlar və xəyalpərəst vədlərlə, təzə müharibə çağırışları ilə xalqı yenə aldatmaq, səs qazanmaq istəyirdilər. Güman edirdilər ki, münasib fürsətdir və müharibədə uduzmuş baş nazir Paşinyana bu seçkilərdə asanlıqla üstün gələ biləcəklər.

Lakin Ermənistandakı 2021-ci ilin iyununda keçirilən parlament seçkilərin əsas dərsi və ibrəti ondan ibarətdir ki, erməni xalqı, ölkə elektoratı revanşist çağırışlarla xalqı öz tərəfinə çəkmək istəyən mürtəce qüvvələri, Köçəryan və Sarkisyanı, onların müharibə siyasətini rədd etdi. Hər kəs anladı ki, artıq Qarabağ xülyasına son qoyuldu. Bu macəra bitdi. Ermənistan cəmiyyəti illərcə ölkə rəhbərliyinin qonşu Azərbaycana qarşı apardığı işğalçı siyasətin əsassızlığı və faciəsini, xəstə separatizmin hansı fəlakətlərə apardığını acı təcrübə əsasında anladı, son 30 ilə yaxın müddətdə aldadıldığını, uçuruma sürüklədiyini dərk etdi. Ona görə də xalq həmin xəstə siyasətdən imtina etdi, son müharibədə minlərlə itkilər versə də, ordusu darmadağın edilsə də, məğlubiyyətə uğrasa da, yenə revanşizmi, köçəryançılığı, sarkisyançılığı, yəni, yeni müsibətləri deyil, baş nazir Paşinyanın xəttini dəstəklədi.

“Bütün bu səbəblərə görə Ermənistandakı son parlament seçkilərini mən yalnız bu ölkə üçün deyil, bütövlükdə bir dünya təcrübəsi olaraq ibrətli nümunə kimi qiymətləndirirəm.

Həmin nümunənin öyrətdiyi isə budur ki, heç bir təcavüzün, heç bir separatizmin, heç bir qəsbin gələcəyi yoxdur, sonunda məğlubiyyət, iflas, peşmanlıq, itirilmiş fürsətlər dayanır və inkişafın, yüksəlişin tək və düzgün yolu sülh, anlaşma, əməkdaşlıqdır”, - deyə R. Hüseynov bildirib.

Qeyd edək ki, R. Hüseynovun çıxışı dərc edilərək parlamentarilərə paylanılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.