SİYASƏT


Azərbaycanlı deputat: Ermənistan təmsilçilərinin insan hüquqlarından danışmağa haqları yoxdur

Strasburq, 27 iyun, AZƏRTAC

Avropa Şurası, AŞPA rəhbərləri Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmasını tələb etməlidir.

Bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın yay sessiyasında sərbəst müzakirələr zamanı söyləyib.

Milli Məclisin deputatı deyib: “Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycanın və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addımdır. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan avropalı tərəfdaşları ilə birlikdə, sadəcə, özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verən layihələr həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞPA qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırıb. Biz assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırıq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınlar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər. Biz assambleyamızı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni, Sərsəng su anbarı ilə bağlı qətnaməni, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə çağırırıq. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və bunu tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar rejimi – Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymayaraq qanunsuz yolla girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyib. Assambleyamız Ermənistanın yeni rəhbərliyindən bu qanunsuz əməlləri davam etdirməməyi və azərbaycanlı girovları azad etməyi tələb etməlidir. Eyni zamanda, AŞPA Ermənistanın yeni rəhbərliyini ermənilərin Suriyadan Ermənistana deyil, işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalıdır. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və assambleyanın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitliyin və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmasından keçir. Biz assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.