SİYASƏT


Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır

Strasburq, 21 yanvar, AZƏRTAC

Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq Gürcüstan və Ermənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm.

Bu fikri AŞPA-nın qış sessiyasında Büro və Daimi Komitənın fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

O deyib ki, Ermənistanda keçirilmiş parlament seçkiləri bu ölkədəki vəziyyət haqqında düşünmək və müzakirə aparmaq üçün ciddi əsaslar verir. Assambleyada Ermənistandakı seçkilər və demokratiyanın vəziyyəti dəfələrlə müzakirə olunub, lakin çox nadir hallarda tənqidi fikirlər səsləndirilib. Buna baxmayaraq, burada bəzi deputatların Ermənistanın keçmiş rəhbərliyini cidd-cəhdlə müdafiə etməsinin şahidi olmuşuq. Nəhayət, Ermənistan əhalisinin mövqeyi üstün gəldi və bütün dünya Ermənistanda 20 il davam edən vəziyyəti gördü: Serj Sarkisyan hakimiyyəti ölkəni siyasi və iqtisadi böhran həddinə gətirib çıxarmışdı. Assambleyada alqışlarla qarşılanan Serj Sarkisyan azərbaycanlıların Xocalıdakı qətliamında iştirakını açıq şəkildə və fəxrlə elan edirdi. Artıq Ermənistan əhalisi cinayətkar rejimdən xilas olub və ümid edirik ki, yeni hökumət siyasətini öz xalqının maraqları əsasında quracaq. Bu ölkənin gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və Azərbaycanla münasibətləri tamamilə normallaşmasından asılıdır.

Azərbaycan hər zaman danışıqlara hazır olduğunu bəyan edib və ümid etmək istəyirik ki, xalqın seçdiyi yeni hakimiyyət bu məsələyə ayıq-sayıq yanaşacaq və əvvəlki rejimin əməllərindən nəticə çıxaracaq.

“Hamımız seçilmiş nümayəndələr olaraq, burada ölkələrimizi təmsil edir, daha yaxşı dünya naminə öz təcrübəmizi bölüşür, uğurlarımızdan və çətinliklərimizdən söz açırıq. Avropa Şurasının 70 illik yubileyi ərəfəsində biz sülhün dəyəri, demokratiya və ədalət prinsiplərinə sadiqliyimizin əhəmiyyəti barədə bir daha düşünməliyik. Kimisə razı salmaq naminə müəyyən hallara göz yummaq, qeyri-obyektiv qərarlar qəbul etmək yolverilməzdir”, - deyə Sevinc Fətəliyeva diqqətə çatdırıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.