SİYASƏT


Azərbaycanlı deputat “EurActiv” portalına müsahibəsində Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli mövqelərindən danışıb

Strasburq, 22 yanvar, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” portalında Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycanla bağlı qərəzli mövqelərinə münasibət bildirilir. Qeyd edilir ki, onlar Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasına mane olmaqda maraqlıdırlar.

Müsahibədə Azərbaycanda söz və ifadə azadlığının, siyasi plüralizmin, sərbəst toplaşma azadlığının təmin olunduğu diqqətə çatdırılır. Qeyd edilir ki, ölkədə 400 çap mətbuatı, 20-dən çox müstəqil informasiya agentliyi, 11 milli televiziya kanalı, 4 peyk televiziya kanalı, 13 regional televiziya kanalı və 26 IP televiziya kanalı fəaliyyət göstərir. Əhalinin 80 faizi internet istifadəçisidir. On milyona yaxın əhalinin üç milyondan çoxu Facebook, LinkedIn, Twitter və digər sosial şəbəkələrin müntəzəm istifadəçisidir. Ölkədə müasir informasiya texnologiyaları infrastrukturu qurulub. Belə bir şəraitdə Azərbaycanda söz azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz.

Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli mövqelərindən danışan deputat onların bəzilərinin dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiklərini, azərbaycanlıları öz doğma yurd-yuvalarında etnik təmizləməyə məruz qoyan Ermənistan hərbçilərinə şüurlu şəkildə dəstək verdiklərini bildirib. Əlavə edib ki, onlar Azərbaycanın beynəlxalq imicini zədələmək üçün daim Avropa Parlamentində, AŞPA-da ölkəmizə hücum edirlər. Onların Avropanın müxtəlif ölkələrində, o cümlədən öz ölkələrində yuva salmış cinayətkar erməni qrupları tərəfindən maliyyələşdirildiyinə dair faktlar kifayət qədərdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan davamlı əməkdaşlıqda maraqlı olan hər bir dövlətlə, ilk növbədə, Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün açıq olan bir ölkədir. Azərbaycanda son 15 ildə çoxlu islahatlar həyata keçirilib ki, onların da böyük əksəriyyəti məhz avropalı tərəfdaşlarla əməkdaşlıq əsasında reallaşıb. Bu islahatların həyata keçirilməsində siyasi iradə məhz Azərbaycan tərəfinin olub. Deputat Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı şübhəsi olan hər kəsi ölkəmizə səfərə və reallıqları gözləri ilə görməyə dəvət edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.