SİYASƏT
Azərbaycanlı deputat: Regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında maraqlıyıq
Strasburq, 25 yanvar, AZƏRTAC
Təəssüf ki, Azərbaycan məcburi miqrasiya – köçkünlüklə üzləşib. Mən özüm, ailə üzvlərim Ermənistanın hərbi təcavüzü qarşısında Azərbaycanın Qarabağ bölgəsindəki evimizi tərk etməyə məcbur olmuşuq. Bu etnik təmizləmə və məcburi miqrasiya nəticəsində humanitar yardımın və məcburi miqrasiyanın idarə edilməsinin vacibliyinin şahidi oldum.
Məcburi miqrasiya həyatı yaşamış Azərbaycan “Miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı”nı dəstəkləyir. Yerli əhalinin, eləcə də immiqrantların təhlükəsizliyinin təmin olunmasının vacibliyini hesab edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı: insan hüquqları perspektivi” adlı məruzənin müzakirələri zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev deyib.
“Avropa Şurasının üzvü kimi biz də Yaxın Şərqin münaqişəli bölgələrindən immiqrant axını ilə qarşılaşırıq. Azərbaycanın dövlət qurumları, xüsusilə də Azərbaycan Dövlət Sərhəd və Miqrasiya xidmətləri məsələnin həllində çox mühüm rol oynayırlar”, - deyə T.Gəncəliyev bildirib.
O, miqrantların sayının artması fonunda coğrafi mövqelərindən asılı olaraq, bəzi ölkələrin daha çox çətinliklərlə üzləşdiyini vurğulayıb. İtaliya, İspaniya və Türkiyənin adını qeyd edən T.Gəncəliyev, bu ölkələrin coğrafi mövqelərinə görə Şimali Afrika və Yaxın Şərqdən daha çox miqrant qəbul etdiyini diqqətə çatdırıb. O, Avropa parlamentarilərini bu “cəbhə sərhədi” ölkələri ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
“Regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında maraqlıyıq və AŞPA-ya üzv dövlətlərdə sabitliyin təmin edilməsində immiqrasiya məsələsinin idarə olunması əsas rol oynayır”, - deyə T.Gəncəliyev əlavə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq