SİYASƏT


Azərbaycanlı deputat Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarını daha genişmiqyaslı fəaliyyətə dəvət edib

Strasburq, 28 sentyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində hazırda beynəlxalq gündəmin əsas məsələsi olan səhiyyə, sağlamlıq və qida təhlükəsizliyi məsələləri müzakirə olunub.

AŞPA-nın sabiq prezidenti, hazırda Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarı olan Stella Kiriakides geniş məruzə ilə çıxış edib. O, daha sonra Parlament Assambleyası üzvlərinin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Komissarına sualla müraciət edib.

“İnsan yaşamaq üçün qidalanır, amma hər il Avropada və Mərkəzi Asiyada 23 milyondan çox insanın qida mənşəli xəstəliklərə tutulduğunu, hər il qidadan 5 mindən çox insanın öldüyünü statistika da təsdiqləyir. Qida təhlükəsizliyi elə bir problemdir ki, əslində, hər gün diqqətdə və nəzarətdə saxlanılmalıdır. Həm də bu problemə mütləq kompleks halda yanaşmaq vacibdir. Ətindən qida kimi istifadə olunan heyvanlar hansı suyu içir, hansı otu yeyir, hansı mühitdə yaşayır, balıq hansı sularda üzür? Axı, qidamızın zərərli olmasının ilk səbəbi məhz ətraf mühitdir. İnsanların, heyvanların ekosistemləri və ətraf mühitin qarşılıqlı əlaqələri qida təhlükəsizliyi kontekstində nə dərəcədə araşdırılır və diqqətdə saxlanılır, bu istiqamətdə konkret hansı tədbirlər görülür?”, - deyə R.Hüseynov soruşub.

Azərbaycanlı deputatın fikrini bölüşdüyünü deyən Avropa komissarı vurğulayıb ki, ətraf mühit və qida təhlükəsizliyi məsələsi hər an diqqət mərkəzində olmalıdır. “Ətraf mühit və qida təhlükəsizliyi məsələsi, ekosistemlər arasında əlaqələr problemi daim nəzarətdə saxlanılır. COVID-19 pandemiyasının fəsadları ilə üz-üzə qaldığımız indiki dövrdə bu sual aktuallıq kəsb edir. Bu istiqamətdə araşdırmalar artırılıb”, - deyən S.Kiriakides bu məsələnin müsbət həlli üçün bütün qüvvələrin birləşməsinin vacib olduğunu, sağlam ekosistemlər uğrunda mübarizənin dünyanın ortaq vəzifəsi kimi önə çıxdığını vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.