SİYASƏT
Azərbaycanlı deputat : QHT-lər dövlət və cəmiyyət üçün vacib olan proqram və layihələrin icrasında fəal iştirak edirlər
Strasburq, 27 iyun, AZƏRTAC
Qeyri-hökumət təşkilatları bütün ölkələrdə davamlı inkişafa təkan verməkdə böyük rol oynayır. Demokratik inkişaf yolu ilə gedən bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğunun özünəməxsus inkişaf təcrübəsi var. Sivil cəmiyyətin inkişafı üçün əsas məqsəd və hədəflər araşdırılıb, geniş müzakirələr nəticəsində və beynəlxalq təcrübəyə söykənərək müəyyənləşdirilib.
Bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində QHT-lərlə bağlı müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Deputat bildirib ki, QHT-lər dövlət və cəmiyyət üçün vacib olan proqram və layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. O, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti, eləcə də Milli Məclis və bu Şura arasında imzalanmış Anlaşma Memorandumu haqqında məlumat verib. O, ölkəmizdə QHT-lərin sayının getdikcə çoxaldığını bildirərək, onlara ayrılan vəsaitin də artdığını, minlərlə insanın bu sektorda işlə təmin olunduğunu vurğulayıb. Qeyri-hökumət təşkilatları haqqında milli qanunvericiliyin daim təkmilləşdirildiyi, hesabatların yeni formalarının tətbiq edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, onlar tam şəffaflaşdırılıb və sadələşdirilib və "e-hökumət" layihəsi kimi inkişaf edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə ərazisində xarici qrantların verilməsi zamanı “Vahid pəncərə” prinsipinin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Fərman qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək, Azərbaycan ərazisində xarici qrantların verilməsi prosedurlarını sadələşdirmək, bu sahədəki şəffaflığı təmin etmək və ayrılmış vəsaitləri məqsədyönlü şəkildə xərcləmək məqsədi daşıyır. Azərbaycanın qeyri-hökumət təşkilatlarının qrant almaq prosedurunda “Vahid pəncərə” prinsipinin tətbiqi vətəndaş cəmiyyətinin xarici donorlardan maliyyələşdirilməsinə münbit şərait yaradır. “Mürəkkəb bir dövrdə yaşayırıq. Qadınların, uşaqların və milli azlıqların hüquqlarının qorunması hələ də hamımız üçün əsas hədəfdir. Belə bir vəziyyətdə QHT-lərimizin fəaliyyətini yüksək qiymətləndirməli və onları dəstəkləməliyik”, - deyə S.Fətəliyeva vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq