MƏDƏNİYYƏT


Azərbaycanlı dirijor Qut İmmlinq Opera Sənəti Festivalında iştirak edib

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti Əyyub Quliyev Almaniyada “Ürəkdən keçərək” devizi altında keçirilən Qut İmmlinq Opera Sənəti Festivalında iştirak edib.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, Almaniyanın İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır. 26-cı dəfə keçirilən festival müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb edib – C. Verdinin “Traviata” və V. Bellininin “Norma” operalarının yeni quruluşu, V.A.Mosartın musiqisinə həsr olunmuş “Mozart Gala” gecəsi, İspaniya musiqi gecəsi, Mosartın “Sehirli fleyta” operasının uşaqlar üçün təqdimatı, İtalyan musiqi gecəsi (O Sole Mio) və Saint Polen “Avropa Baleti” teatrının çıxışları da baş tutub. Festivalın bağlanış mərasimində azərbaycanlı dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestrinin çıxışı xüsusi ilə yadda qalıb. Bavariya Festival Orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və İtaliya, Fransa, Almaniya, Avstriya, Türkiyə, Rusiya, Rumıniya, Ukraynadan dəvət olunmuş istedadlı opera müğənnilərin yer aldığı konsertlərdə C.Verdinin “Attila”, “Maqbet”, “Falstaf”, “Siciliya gecəsi”, “Bal maskarad”, “Traviata”, Delibin “Lakme”, Offenbaxın “Qofmanın nağılları”, Bizenin “Karmen” operalarından nümunələr səsləndirilib. Konsertlərin əsas yaddaqalan hadisələrindən biri Bavariya Festivalı Orkestri tərəfindən səsləndirilən dünyaşöhrətli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin “Qaytağı” əsərinin təqdimatı olub. Niyazinin simfonik rəqsi bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunub. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası böyük əks-səda ilə qarşılanıb. 3 saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağını nəzərə alaraq Əyyub Quliyev və konsertin digər iştirakçıları proqrama əlavə olaraq opera nümunələrini ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.