CƏMİYYƏT
Azərbaycanlı əczaçılar Türkiyədə əczaçılıq siyasətinin inkişaf tendensiyaları ilə tanış olublar


Bakı, 20 dekabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə İstanbulda ÜST-nin Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının Şərqi Avropa və Mərkəzi Asiya Bölməsinin 5-ci Toplantısı keçirilib. Ölkəmizi həmin tədbirdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Pərviz Əzizbəyov və Fərid Həsənov təmsil ediblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycandan olan nümayəndələr Özbəkistan, Tacikistan və Qırğızıstandan olan əczaçılarla birlikdə Ankara şəhərində Türkiyə Cümhuriyyətinin əczaçılıq sahəsində tənzimləyici qurumu olan Türkiyə İlac və Tibbi Cihaz Qurumuna baş çəkərək dünyada ilk və yeganə olan Əczaçılıq İzləmə Sistemi və Məhsul İzləmə Sistemi ilə yaxından tanış olublar. Onlara qurumun yaranma tarixi, təşkilati strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilib.
İstanbulda toplantıda iştirak edənlər Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının Şərqi Avropa və Mərkəzi Asiya Bölməsinin 5 il ərzində gördüyü işlərin, əsas istiqamətləri, gələcək planlarını əks etdirən təqdimatla tanış olub, dərman vasitələrinin qiymətləndirilməsi ilə əlaqədar sessiyalarda iştirak ediblər. Xüsusilə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində əczaçılıq siyasətinin inkişaf tendensiyaları və yenilikləri, eləcə də bu sahədə üzv ölkələrinin əməkdaşlığı sahəsində perspektivlərin müzakirəsi faydalı olub.