REGİONLAR
Azərbaycanlı fermerlərin istehsal etdikləri soğan Rusiya bazarlarına çıxarılır VİDEO
Ağcabədi, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən təsərrüfat ilində respublikamızın bir sıra rayonlarında əmtəəlik soğan tələbatdan çox istehsal olunduğundan fermerlərin məhsulu satmasında çətinlik yaranıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC soğan istehsalçılarını ziyana düşməkdən qorumaq üçün ərzaqla təchiz etdiyi 1859 müəssisənin bu məhsula olan tələbatını (1047 ton) fermerlərdən tədarük edib. Fermer və torpaq mülkiyyətçilərinin istehsal etdiyi soğanın qalan hissənin isə yaxın xarici ölkə bazarlarına ixracı prosesinə başlanılıb. Rusiya bazarında soğana tələbat olduğundan Cəmiyyət bu ölkənin bir sıra aidiyyəti orqanları və iş adamları ilə danışıqlar apararaq, Azərbaycan soğanının ixracı haqqında razılıq əldə edib.
AZƏRTAC xəbər verir ki, Ağdam, Ağcabədi və Bərdə rayonlarından son iki ayda 1000 ton, son on gündə isə 600 ton keyfiyyətli soğan tədarük edilərək Rusiya bazarlarına ixrac olunub. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov bildirib ki, fermerlərin becərdikləri, lakin sata bilmədikləri soğan hər həftə orta bazar qiymətinə onlardan alınaraq Rusiya bazarlarına göndərilir. Bu proses davam etdiriləcək.
Ağcabədi rayonundan olan fermer Camal Məhərrəmov ötən il 30 hektardan çox sahədə soğan becərib və 1500 tonadək məhsul istehsal edib. “Qiymətin çox ucuz olması və yerli bazarda soğana tələbatın olmaması səbəbindən məhsulumuzu sata bilmirdik. Artıq anbarlarda qalan soğan dövlətimizin dəstəyi ilə Rusiya bazarlarına ixrac olunmağa başlayıb. Bu isə biz istehsalçıları ziyana düşməkdən qoruyacaq”, – deyə fermer bildirib.
Yaz-tarla mövsümünün başlaması ilə əlaqədar olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC faraş məhsulların da ixracına hazırlaşır.