Azərbaycanlı filosof Beynəlxalq Türk Akademiyasının qızıl medalına layiq görülüb
Nur-Sultan, 21 fevral, AZƏRTAC
Tanınmış Azərbaycan filosofu, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov türk dünyasında fəlsəfi fikrin, elm və təhsil sahəsində əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyası məlumat yayıb. Akademiyanın mənzil-qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir.
Professor S.Xəlilov türk dünyasında ortaq fəlsəfi fikrin formalaşdırılması istiqamətində əhəmiyyətli tədqiqatların və kitabların müəllifi kimi tanınır. O, müxtəlif beynəlxalq forumlarda türk xalqlarının inteqrasiyasının gücləndirilməsi məqsədilə ortaq tədris proqramlarının hazırlanması, təhsil və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi təşəbbüsləri ilə çıxış edib və bu sahədə önəmli layihələr irəli sürüb.
Qeyd edək ki, azərbaycanlı alim bu istiqamətdə fəaliyyətini ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Beynəlxalq Fəlsəfə Araşdırmaları Cəmiyyətinin (UFAD) fəxri sədri qismində davam etdirir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan