ELM VƏ TƏHSİL
Azərbaycanlı filosoflar qazaxıstanlı həmkarları ilə birgə konfrans keçirəcəklər
Bakı, 22 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun əməkdaşları Erbol Kumisxodjaev, Almasbek Şaqırbay və Baxıt Şıntemirova oktyabrın 25-dən noyabrın 3-dək AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olacaqlar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı elmi seminar və “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, iki müəssisə arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanda elmi-tədqiqat işlərinin təcrübəsinin öyrənilməsi, fəlsəfi və sosioloji tədqiqatlarla tanış olmaq məqsədilə gələcək əməkdaşlığın davamı haqqında memorandumun imzalanması nəzərdə tutulur.