İDMAN
Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda bürünc medal qazanıb VİDEO
Vaşinqton, 6 avqust, AZƏRTAC
29 iyul - 2 avqust tarixlərində Arizona ştatının Finiks şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq turnirdə həmyerlimiz Fərəh Vəliyeva AG1 kateqoriyasında (12-14 yaş) ABŞ çempionu adına layiq görülüb və topladığı balların sayına görə 15 ölkəni təmsil edən 43 iştirakçı arasında bürünc medala sahib olub.
ABŞ-ın Milli Aerobika Çempionatları Assosiasiyası (ANAC) tərəfindən təşkil olunmuş illik yarışda aerobika təmsilçiləri AeroDans kateqoriyasının fərdi, qarışıq cütlük, üçlük və qrup hərəkətlərində çıxış ediblər. 1983-cü ildən fəaliyyət göstərən Milli Aerobika Çempionatları Assosiasiyası dünya üzrə idman aerobikası və aerobik gimnastika növlərini təsis etmiş təşkilatdır. Builki turnirdə ABŞ, Kanada, Yaponiya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Hindistan, Argentina, Çin, Almaniya, Peru, Kolumbia, Venesuela, Meksika və Uruqvay təmsil olunub.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) yetirməsi olan 13 yaşlı həmyerlimiz Fərəh Vəliyeva 2016-cı ildə aerobika gimnastikası üzrə Bakı çempionatının gümüş medalçısı, 2016-cı və 2017-ci illərdə Azərbaycan çempionu olub. 2017-ci ildə Plovdivdə (Bolqariya), Peçdə (Macarıstan) və Bakıda keçirilən beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olan gimnast bu il Finiksdə keçirilmiş yarışın nəticələrinə görə ABŞ çempionu adını qazanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton