MƏDƏNİYYƏT


Azərbaycanlı gənc rəssamlar Bolqarıstanda beynəlxalq rəsm müsabiqəsinin qalibi olublar

Sofiya, 7 dekabr, AZƏRTAC

Sofiyada Avropa Şurasının Avropa və Aralıq Dənizi Böyük Təhlükələr Sazişi üzrə Katibliyinin (EUR-OPA) dəstəyi və Bolqarıstanın Daxili İşlər Nazirliyinin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğu, Təhsil və Elm Nazirliyi və Milli Uşaq Sarayının təşkilatçılığı ilə “Mən fəlakəti gözlərimlə gördüm” beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Bolqarıstanın daxili işlər nazirinin müavini Milko Berner, Daxili İşlər Nazirliyinin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğunun rəhbəri Nikolay Nikolov, Milli Uşaq Sarayının direktoru Tanya Doseva iştirak edərək və qalibləri təbrik ediblər.

Tədbirdə çıxış edən nazir müavini M.Berner uşaqları təbrik edərək bədii incəsənətin ifadə vasitələri ilə xilasedici fəaliyyətlərdə dramatik anları qələmə alan gənc yaradıcıların bacarıqlarına heyran olduğunu bildirib. Uşaqlara bu ilhamlarının davamlı olmalarını arzu edən nazir müavini “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğu tərəfindən hazırlanan mükafat və sertifikatları qaliblərə təqdim edib.

Müsabiqənin beynəlxalq hissəsində Azərbaycan, Yunanıstan, İraq, İran, Çin, Serbiya, Filippin və digər ölkələrdən nümayəndələr təmsil olunublar. Müsabiqəyə Azərbaycandan qatılan Respublika İncəsənət Gimnaziyasının şagirdi Finara Nəzərova və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Fidan Kəbirlinskaya müvafiq olaraq birinci yer və xüsusi mükafata layiq görülüblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.