CƏMİYYƏT
Azərbaycanlı gənc tədqiqatçının Aİ çərçivəsində inteqrasiya proseslərinə dair monoqrafiyası işıq üzü görüb
Bakı, 7 dekabr, AZƏRTAC
Bu yaxınlarda azərbaycanlı gənc alim Şəbnəm Zeynalovanın “Avropa İttifaqı çərçivəsində inteqrasiya prosesləri: problemlər və onların həlli perspektivləri” adlı monoqrafiyası işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, monoqrafiya Avropada mərhələ-mərhələ baş vermiş inteqrasiya proseslərinin və dünyada bu sahədə ən uğurlu birlik olan Avropa İttifaqı çərçivəsində inteqrasiyanın tədqiqinə, inteqrasiya proseslərində baş verən qanunauyğunluqların və onların inkişaf istiqamətlərinin, perspektivlərinin müəyyən edilməsinə və araşdırılmasına, eyni zamanda, həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif inteqrasiya proseslərində Azərbaycanın mümkün iştirakının optimal modelinin elmi əsaslarının hazırlanmasına həsr olunub.
Tədqiqat işində müasir dövrdə Azərbaycan və Avropa İttifaqının qarşılıqlı münasibətlərinin dərinləşdirilməsi, sonrakı inkişafı məqsədilə öz aralarında olan əməkdaşlıq və inteqrasiya prosesləri mexanizminin yeniləşdirilməsi, həmçinin münasibətlərin dərinləşdirilməsi və daha da təkmilləşdirilməsi problemləri də araşdırılıb.
Qeyd edək ki, hazırda doktorant olan Ş.Zeynalova Azərbaycan, rus və ingilis dillərində 10-dan çox elmi məqalənin, 4 tədris proqramının və 1 monoqrafiyanın müəllifidir.