CƏMİYYƏT
Azərbaycanlı gənclər Smolenskdə milli mədəniyyətlər festivalında iştirak ediblər
Moskva, 7 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının İctimai Palatası və Smolensk vilayəti Milli Konqresinin təşəbbüsü və region Administrasiyasının dəstəyi ilə Smolensk şəhərində 19-cu “Milli Mədəniyyətlər Günü” festivalı keçirilib.
Bayram tədbirində regiondakı Azərbaycan diasporunun təmsilçiləri və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları iştirak ediblər.
RAGB-in Smolensk regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, festival proqramı çərçivəsində təşkil edilən milli diasporların xalq yaradıcılığı sərgisində dekorativ-tətbiqi sənət nümunələri, milli geyimlər, xalqların tarixi və ənənələri barədə videoçarxlar, kitablar, regiondakı milli icmaların fəaliyyəti haqqında qəzet materialları nümayiş etdirilib.
Festivalı ziyarət edən Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski milli eksponatlarla, o cümlədən RAGB-in stendi ilə tanış olub. Vilayətin rəhbəri burada sərgilənən eksponatlara maraqla baxıb, xüsusən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun kitabını vərəqləyərək qeyd edib ki, onunla hələ Moskvada işlədiyi zamanlarda tanış olub. Qubernator ölkəmizə səfər etmək arzusunu da ifadə edib.
Festival bayram konserti ilə başa çatıb. Arzu edənlər burada milli mətbəx nümunələrinin dadına da baxıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva