ELM VƏ TƏHSİL
Azərbaycanlı geoloqlar italiyalı həmkarları ilə əməkdaşlığı inkişaf etdirirlər
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İtaliyanın Milli Tədqiqat Şurası (İMTŞ-CNR) arasında bağlanmış yeni elmi əməkdaşlıq müqaviləsi çərçivəsində İMTŞ-nin Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun şöbə rəhbəri, professor Luçiano Teleska AMEA-nın Geologiya və Geofizika İnstitutunda olub. Səfərin məqsədi CNR qrantı çərçivəsində İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun, AMEA-nın Geologiya və Geofizika İnstitutunun və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birlikdə yerinə yetirilən “Azərbaycan ərazisinin məkan-zaman təhlili baxımından seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsi” adlı müştərək layihənin ilkin nəticələrini müzakirə etmək idi.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, layihənin Azərbaycan tərəfindən rəhbəri, akademik Fəxrəddin Qədirov və professor Luciano Teleska Qutenberq-Rixter qanunundakı parametrlərin müasir statistik üsul və yanaşmaların tətbiqi ilə analizinin zəlzələlərin məkan və zaman paylanmalarındakı yeni dinamik qanuna uyğunluqların müəyyənləşdirilməsinə imkan verdiyini söyləyiblər. Qərara alınıb ki, Azərbaycan ərazisi üçün alınan yeni nəticələr qırılma tektonikası və GPS tədqiqatlarından əldə edilən nəticələrlə müqayisəli təhlil olunaraq ərazinin seysmik təhlükə xəritəsinin yeni variantı üzrə işlər davam etdirilsin və ümumi nəticələr məqalə şəklində işlənib hazırlansın.
L.Teleska şöbədə aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib, bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib.