İDMAN
Azərbaycanlı gimnastlar: Doğma arenada sevimli azarkeşlər qarşısında çıxış etmək çətindir
Bakı, 17 may, AZƏRTAC
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ikinci günündə halqa və top ilə fərdi proqramda azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Viktoriya Qudis çıxış ediblər.
Gimnastlarımız AZƏRTAC-a müsahibəsində yarışla bağlı təəssüratlarını bölüşüblər.
Z.Ağamirova çempionatda güclü azarkeş dəstəyinin onları daha inamlı çıxış etməyə həvəsləndirdiyini vurğulayaraq deyib: “Yarışlara yaxşı hazırlaşmışıq. Doğma arenada sevimli azarkeşlərin qarşısında çıxış etmək idmançılar üçün həmişə çətin olur. Gimnastlarımız bacarıqlarından maksimum istifadə edib Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar. Çıxışıma gəldikdə, düşünürəm ki, bir qədər də yaxşı çıxış edə bilərdim. İstədiyim nəticəni əldə etmək üçün öz üzərimdə daha çox çalışmalıyam”.
Halqa ilə hərəkətlərdə çıxışının daha yaxşı alındığını vurğulayan V.Qudis bildirib: “Avropa çempionatına qitənin ən güclü bədii gimnastları toplaşıblar. Yarış gərgin idman mübarizəsi şəraitində keçir. Halqa ilə hərəkətlərdə daha yaxşı çıxış etdim. Topla çıxışımdan isə razı qalmadım”.
V.Qudis azarkeş dəstəyinin gimnastları daha uğurlu mübarizəyə həvəsləndirdiyini qeyd edərək bildirib: “Gimnastların hər biri azarkeşlər tərəfindən fəal şəkildə dəstəklənir. Bu dəstək gimnastlara daha inamla mübarizə aparmağa kömək edir”.