İDMAN
Azərbaycanlı gimnastlar: Doğma azarkeşlər qarşısında çıxış etmək ikiqat məsuliyyət tələb edir
Bakı, 26 may, AZƏRTAC
Çıxışımızdan razı qaldıq. Qitə çempionatında rəqabət böyükdür. Fəxr edirik ki, Azərbaycanı təmsil edirik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibədə aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının finalında aerodans proqramında çıxışlarından sonra azərbaycanlı gimnastlar Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova deyiblər.
Onlar doğma arenada sevimli azarkeşlər qarşısında çıxış etməyin həmişə çətin olduğunu bildiriblər: "Doğma azarkeşlər qarşısında çıxış etmək həmişə çətin olub və ikiqat məsuliyyət tələb edir. Sevimli azarkeşlərimiz bizə güclü dəstək olurlar. Bu, bizim mübarizə ruhumuzu daha da artırır".
Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.