CƏMİYYƏT


Azərbaycanlı həkimlər Moskvada elmi-praktik seminarda iştirak ediblər

Bakı, 7 iyul, AZƏRTAC

Moskvada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Milli Elmi-Tədqiqat Uşaq Sağlamlığı Mərkəzinin bazasında “Uşaqlara kəskin vəziyyətlərdə təcili yardımın göstərilməsi prinsipləri” mövzusunda elmi-praktik seminar keçirilib.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbirdə ölkəni təmsil edən nümayəndə heyətində TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva, eyni zamanda tabeli müəssisələrdən həkim-pediatrlar, həkim-reanimatoloqlar, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşları, Abşeron, Ağdaş, Quba, Qusar, Şamaxı, Salyan rayon və Gəncə şəhər mərkəzi xəstəxanalarından əməkdaşlar olmaqla, ümumilikdə 15 nəfər iştirak edib.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Mərkəzinin bazasında yerləşən simulyasiya mərkəzində keçirilmiş praktik və seminar hissədən ibarət təlimlərdə pediatriya, uşaq cərrahiyyəsi üzrə professor və müəllimlərdən ibarət heyət tərəfindən ümumilikdə 40 mühazirə dinlənilib. Mühazirələrin sonunda kəskin klinik halların təhlili aparılıb.

Təxirəsalınmaz vəziyyətlərin düzgün idarə olunması, vaxtında düzgün tibbi yardımın göstərilməsi mövzularında 15 praktiki təlim keçirilib və simulyasion mərkəzin manipulyasiya və cərrahi otaqlarında yerləşən xüsusi mulyajlar üzərində praktikada tətbiq edilib. Simulyasiya mərkəzində texniki olaraq uşaqlarda ağır klinik hallar canlandırılıb və komanda şəklində tapşırıqlar icra olunub.

Təlimlərdə iştirakçılara müxtəlif dərs vəsaitləri və metodik kitabçalar təqdim edilib, uşaq sağlamlığının qorunmasına xidmət edən, uşaqlarda ölümə səbəb olan təcili, təxirəsalınmaz hallarının idarə edilməsi istiqamətində faydalı və məhsuldar məlumatlar verilib. Təlimin yekununda iştirakçılar imtahan edilib, sertifikatlar alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.