MƏDƏNİYYƏT
Azərbaycanlı ifaçı Berlində çıxış edəcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında Almaniya AIDS Fondunun Böyük Qala Operasında çıxış edəcək.
AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, orkestrə Donald Runnikls dirijorluq edəcək.
D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
Tədbir barədə məlumat Berlin Opera Teatrının saytında da yer alıb. Qeyd olunub ki, artıq 22-ci dəfədir ki, Almaniya AIDS Fondunun Böyük Qala Operası Berlin Opera Teatrında keçirilir. Bu xeyriyyə tədbiri paytaxtın sosial-mədəni həyatında mühüm tədbirlər sırasındadır.