ELM VƏ TƏHSİL
Azərbaycanlı istedadlar İspaniyada keçirilən beynəlxalq festivalda uğur qazanıblar
Bakı, 12 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı uşaqları İspaniya Krallığının Kosta-del-Sol şəhərində keçirilən “Tu onda” adlı beynəlxalq festivalda iştirak ediblər.
İncəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, vokal, aktyor ustalığı, xoreoqrafiya sahələrində təcrübə mübadiləsinin yaradılması məqsədilə keçirilən festivala 15 ölkədən nümayəndələr qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda mərkəzin 4 istedadlı üzvü vokal, milli rəqs, müasir rəqs, bal rəqsi və moda mədəniyyəti nominasiyaları üzrə çıxış edib. Azərbaycanlı istedadların hər çıxışı böyük maraq doğurub. Mərkəzin gənc vokalçısı Nigar Rəhimovanın ifa etdiyi “O mio babbino caro” italyan mahnısı akademik vokal, “Azərbaycan ritmləri” rəqsi milli rəqs, Qaflan Abbasov və Anastasiya Kşnyakinanın nümayiş etdirdiyi “Cayf” rəqsi bal rəqsi nominasiyalarında birinci yerlərə layiq görülüblər.
Müasir rəqs nominasiyasında uşaqlar II yeri, “Azərbaycan” mahnısının ifasına görə Nigar Rəhimova III yeri əldə edib. Moda mədəniyyəti nominasiyasında Rüfət Məmmədovun podiumdakı çıxışı alqışlarla qarşılanıb. O, İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyor ustalığı və professionallıq nümayiş etdirərək qalib olub. Anastasiya Kşnyakina isə vokal nominasiyasında “Bakının qızları” mahnısına görə festivalın laureatı adını qazanıb.
Azərbaycanlı qaliblərin festivaldakı çıxışları münsiflər heyəti tərəfindən bəyənilib və gənc istedadlar Latviya, Litva, İsrail və Belarusda keçiriləcək festivallarda iştirak etmək üçün dəvət alıblar.