ELM VƏ TƏHSİL
Azərbaycanlı jurnalistlərin Şuşaya həsr etdikləri məqalə doqquz ölkənin mətbuatında yayımlanıb
Bakı, 5 iyul, AZƏRTAC
Diaspor üzrə ekspert Elnur Eltürk və jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladıqları məqalə doqquz ölkənin 16 mətbuat orqanında yayımlanıb.
Bu barədə AZƏRTAC- a Elnur Eltürk məlumat verib. O bildirib ki, “Şuşa: dünyanın mədəniyyət incisi” sərlövhəli yazı İngiltərə, İtaliya, İordaniya, İraq, Misir, Əlcəzair, Sudan, Özbəkistan və Pakistanın müxtəlif mətbuat orqanlarında işıq üzü görüb.
Məqalədə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi diqqətə çatdırılır. Həmçinin Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ bölgəsində, eyni zamanda, Şuşada ciddi quruculuq işlərinin görüldüyü, bununla yanaşı, mədəniyyət paytaxtının artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilir. Məqalədə Şuşanın görkəmli incəsənət xadimlərindən, şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmasından, uzun illər işğal altında saxlanılmasından, işğal müddətində Azərbaycanın tarixi abidələrinin dağıdılmasından bəhs edilir.
“...2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Beləliklə, Şuşa 30 il işğal altında saxlanılan Qarabağın azadlıq, eyni zamanda, ədalətin, sülhün, əmin-amanlığın simvoludur. Şuşa, həmçinin mədəniyyət beşiyidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsinin xüsusi anlamı var. Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra orada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Şuşa öz sahiblərinə qayıdıb. Şuşa inkişaf edir və dünyanın ən gözəl turistik mərkəzlərindən birinə çevriləcək. Qədim Azərbaycan şəhəri olan Şuşaya çoxsaylı xarici siyasətçilər, elm adamları, ekspertlər, jurnalistlər səfər ediblər. Xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızı Şuşaya dəvət edir və bu möhtəşəm mədəniyyət paytaxtımızı görmələrini arzulayırıq”, - deyə məqalədə qeyd olunub.