İQTİSADİYYAT
Azərbaycanlı kadrlar BP-də yüksək vəzifələrə təyin olunublar
Bakı, 15 may, AZƏRTAC
BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksəkvəzifəli azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.
“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezident olan Nərminə Nəbiyeva bu il iyulun 1-dən BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilib.
Eyni zamanda, hazırda region üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli iyulun 1-dən daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. B.Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Nərminə və Bəxtiyar bizim regionun rəhbər komandasında biznesimizin uğuruna böyük töhfələr vermiş yüksəkvəzifəli kadrlardır. Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza BP-dəki yeni vəzifələrində uğurlar diləyirik”.