CƏMİYYƏT
Azərbaycanlı məktəbli “Trilyon ağac əkək” kampaniyasına qoşulub
Bakı, 24 mart, AZƏRTAC
Almaniyanın “Planetimiz üçün Ağac Əkək Fondu”nun təşəbbüsü ilə Monte-Karloda Gənclər Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yüzdən çox ölkədən minə yaxın gənc iştirak edib.
Tədbirdə Azərbaycanı təmsil edən Bakı Atatürk Liseyinin onuncu sinif şagirdi Fidan Dərgahlı ətraf mühitin qorunması sahəsində görülən işlər, məktəblərdə həyata keçirilən ekoloji maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib. O, meşələrin ərazilərinin genişləndirilməsi məqsədilə ölkəmizdə ağacəkmə aksiyalarının mütəmadi keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanlı məktəbli Fidan Dərgahlı və Almaniyanın qənnadı məmulatları istehsal edən məşhur “Ritter Sport” şirkətinin icraçı direktoru Alfred Ritter görüş iştirakçılarına müraciət edərək onları iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması və uşaqların gələcəyi naminə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən fəaliyyətə töhfə verməyə çağırıblar.
Monako Knyazı II Albertin himayədarlığı ilə keçirilən və onun da iştirak etdiyi sammitin yekununda “Trilyon ağac bəyannaməsi” imzalanıb.
Görüş iştirakçıları bu prosesə qoşulanların hər birini 150 ağac əkməyə çağırıb və özlərinin də 2,5 milyarddan çox ağac əkəcəklərini vəd ediblər.