ELM VƏ TƏHSİL
Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada medallar qazanıblar
Bakı, 1 avqust, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 23–dən avqustun 1-dək keçirilən bu mötəbər elm yarışmasında hər il olduğu kimi azərbaycanlı məktəblilər də iştirak ediblər. Azərbaycanı təmsil edən komanda (dörd şagird və iki rəhbər) böyük uğura imza atıb.
Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 11-ci sinif şagirdi Ruslan Məmmədov gümüş, həmin məktəbin 10-cu sinif şagirdi Nəriman Mirişov, Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Hüseyn Babayev və Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot sinfinin şagirdi Ramil Babazadə bürünc medala layiq görülüblər. Beləliklə, komandamız bir gümüş və üç bürünc medal qazanmaqla yüksək nəticə əldə edib.
Nəzəri və praktik turdan ibarət olan kimya olimpiadası 48-ci dəfədir ki, fərqli ölkələrdə keçirilir və dünyanın gənc kimyaçılarının aşkara çıxarılmasında böyük rol oynayır. Bu il olimpiadaya dünyanın 80 ölkəsindən 300-dən çox şagird qatılıb.
Xatırladaq ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 2015-ci il iyulun 20-dən 29-dək Bakı şəhərində keçirilib. Həmin olimpiadada şagirdlərimiz iki bürünc medal qazanıblar.
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin və kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış, olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti nəticəsində şagirdlərimizin nailiyyətləri bu il daha da yaxşılaşıb.